Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

ELM VƏ TƏHSİL MƏRKƏZİ "TƏFƏKKÜR" UNİVERSİTETİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsidir.

Burada təhsil müddəti əyani şö'bədə 4 il, qiyabi şö'bədə isə 5 ildir.

Universitetdə kadr hazırlığı aparılan ixtisaslar və onların birləşdiyi fakültələr aşağıdakılardır:

  • Filologiya fakültəsi üzrə ixtisaslar:
    - jurnalistika
    - Azərbaycan dili və ədəbiyyatı
    - ibtidai təhsilin pedaqogikası və metodikası
    - xarici dil (ingilis, ispan dili)

  • İqtisadiyyat-idarəetmə fakültəsi üzrə ixtisaslar:
    - biznesin təşkili və idarə olunması
    - gömrük işinin təşkili
    - biznes üzrə menecment (beynəlxalq yükdaşımalar)
    - iqtisadiyyatın huquqi tənzimlənməsi

  • Nəqliyyat fakültəsi üzrə ixtisaslar:
    - lokomotiv və vaqon təsərrüfatı
    - dəmir yolunun tikintisi və təsərrüfatı
    - yol hərəkətinin təşkili
    - ekologiya və ətraf mühitin mühafizəsi

  • Hüquq fakültəsi üzrə ixtisaslar:
    - hüquqşünaslıq
    - tibbi biologiya

    Professor-müəllim hey’ətinin 46 nəfəri elmlər doktoru, professor, 3 nəfəri elmlər namizədi, professor, 3 nəfəri elmlər doktoru, dosent, 82 nəfəri elmlər namizədi, dosent, 55 nəfəri elmlər namizədi, baş müəllim, 39 nəfəri müəllim, 2 nəfəri assistentdir.

    Universitetdə tələbələrin tə’lim-tərbiyəsi, tədris və elmi-tədqiqat işləri ilə aşağıdakı kafedralar məşğul olur:
  • Hüquq elmləri
  • İctimai-siyasi elmlər
  • İqtisadiyyat-idarəetmə
  • Riyaziyyat və informatika
  • Nəqliyyat və yol təsərrüfatı
  • Təbiət və ümumtexniki fənlər
  • Xarici dillər
  • Filologiya elmləri
  • Pedaqogika və tədrisin metodikası
  • Jurnalistika
  • Tibbi biologiya
  • Bədən tərbiyyəsi və idman
  • Tətbiqi mexanika və ümumpeşə hazırlığı fənləri

    Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. "Təfəkkür" universitetinin ABŞ-ın Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri vardır. Universitet müntəzəm olaraq həmin tədris ocaqları ilə müəllim və tələbə, proqram və dərs vəsaitləri mübadiləsi aparır. Bu il "Təfəkkür" universitetinin "San-Dieqo" və "Fresno" universitetləri ilə birgə fondu yaradılmışdır. Bu, Elm və Təhsil Mərkəzi tələbələrinin xarici ölkələrin universitetlərində pulsuz təhsil almağa göndərilməsi, müəllimlərin isə təkmilləşməyə e'zam edilməsi üçün geniş imkanlar yaradır. Elm və Təhsil Mərkəzi ilə Malayziya və Türkiyə universitetləri arasında üçtərəfli əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. "Land Tech International" şirkəti "Təfəkkür" Universitetində ingilis dili öyrətmək üçün Beynəlxalq Kompüter Mərkəzi yaratmışdır.

    Universitet Beynəlxalq "İNTERNET" informasiya şəbəkəsinə qoşulmuşdur. Bə’zi təşkilatlarla, o cümlədən Dəmir Yolu İdarəsilə bağlanmış müqaviləyə əsasən mütəxəssislər işlə tə’min edilir. Universitetdə təhsil ödənişlidir. Təhsil haqqı bir tədris ili üçün 500-1500 ABŞ dollarının manatla ekvivalenti məbləğində müəyyən edilmişdir. Ə'la oxuyan tələbələr kursdan asılı olaraq təhsil haqqından azad olunur. Ə'la oxuyan, ictimai-kütləvi tədbirlərdə xüsusilə fərqlənən tələbələr üçün "Heydər Əliyev adına", "akad. Z.Bünyadov" adına, "akad. A.Aslanov" adına təqaüdlər (100-150 ABŞ dolları məbləğində) tə'sis olunmuşdur. Şəhid, köçkün, müharibə faciəsinə mə'ruz qalan və imkansız ailələrdən olan tələbələrə təhsil xərcinin ödənilməsində güzəştlər edilir.

    Universitetin Elmi Şurası hörmətli prezidentimiz H.Əliyevin ad gününə hədiyyə olaraq qaçqın və köçkün ailəsindən olan daha 10 nəfər tələbənin pulsuz oxumasına və hər fakültədə 1 nəfər ə'laçı tələbəyə 150 ABŞ dolları məbləğində H.Əliyev adına təqaüd verilməsinə qərar vermişdir. Elmi Şuranın qərarı ilə Universitetdə "Azərbaycan Xalq Cümhuriyyəti" və "Heydər Əliyev məktəbi" adlı xüsusi fənlər tədris edilir. Elm və Təhsil Mərkəzində "Azərbaycan respublikası və Heydər Əliyev" adlı xüsusi mərkəz fəaliyyət göstərir. "Əsrin səsi" adlı qəzet nəşr edilir. Universitetdə müasir tələblərə cavab verən kompüter mərkəzi, 7 laboratoriya, 13 kafedra, o cümlədən idman obyektləri fəaliyyət göstərir. Universitet kollektivi müntəzəm olaraq Bakıdakı xarici ölkə səfirlikləri ilə görüşlər, tədbirlər keçirir.

    Təhsil Nazirliyinin «Magistraturanın yaradılması barədə» 30.04.1999-cu il tarixli 295 saylı əmrinə əsasən 1999/2000-ci tədris ilindən başlayaraq, Universitetdə «cinayət hüququ və cinayət prosesi», «Xarici dil» (İngilis dili), «İqtisadiyyatın hüquqi tənzimlənməsi», «Yol hərəkətinin təşkili» və «Publisist-jurnalist» ixtisasları üzrə magistraturaya qəbul aparılır. Təhsil müddəti 2 ildir. Azərbaycan Respublikası Müdafiə Nazirinin "Elm və Təhsil Mərkzi “Təfəkkür” Universitetində hərbi hazırlıq dərslərinin təşkili haqqında” 22 aprel 1998-ci il tarixli 62 saylı əmrinə əsasən burada ehtiyat zabitlər hazırlanır. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə «Qran-Pri» mükafatına layiq görülmüşdür.

    Ünvan:
    370008 Bakı, Təbriz küç. 19
    Telefon: 980858
    Faks: 906167
    E-mail: TAFACCUR.@tfr.dl.ab.az
    http://www.ab.az/ASC/Educational/Tafaccur
    http://www.geocities.com/Athens/Rhodes/3613/index.html

     
     
      Copyright © 2003
    Tələbə Qəbulu üzrə Dovlət Komissiyası