Milli Aviasiya Akademiyası
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin
Milli Aviasiya Akademiyası Milli Qəhrəman Yavər
Əliyevin adını daşıyır. Bu ali məktəb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun
1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli
Aviasiya Mərkəzi” adı ilə yaradılmış
və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il
tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya
Akademiyasına çevrilmişdir. Akademiya 1999-cu ildə
Dövlətlərarası Aviasiya Komitəsinin qərarı
ilə "Mülki Aviasiya Ali Təhsil Müəssisəsi"
sertifikatına layiq görülmüşdür.
Əgər akademiyaya 1992-1993 tədris ili üçün
iki ixtisas üzrə (mühəndis-pilot və mühəndis-texnik)
80 nəfər gənc qəbul olmuşdusa, 1998-1999-cu
tədris ilində 11 ixtisas üzrə 276 nəfər
daxil olmuşdur. Hal-hazırda Akademiyada 807 tələbə
təhsil alır. Onlardan 609 nəfəri əyani
şö’bədə, 198 nəfəri isə qiyabi
şö’bədə oxuyur.
Akademiyada 135 müəllim fəaliyyət göstərir.
Onlardan 2 nəfəri akademik, 1 nəfəri EA-nın
müxbir üzvü, 6 nəfəri professor, 10 nəfəri
elmlər doktoru, 11 nəfəri dosent, 43 nəfəri
elmlər namizədidir.
Milli Aviasiya Akademiyasının 3 tədris korpusu, onlarla
müasir səviyyəli, ixtisaslaşdırılmış
auditoriya və laboratoriyaları vardır. Tədris
prosesinin məzmunlu və keyfiyyətli keçməsi
üçün auditoriyalar və kabinələr lazımi
funksional trenajorlar, stendlər, maketlər və sxemlərlə
tə’min olunmuşdur. İngilis, Azərbaycan və
rus dili kabinələri lazımi linqafon cihazları
və kompüter texnikası ilə təchiz olunmuşdur.
Kompüter texnikasının, əsas fənlər
üzrə öyrədici və nəzarətedici
proqramların tətbiqi yolu ilə akademiyada tədris
prosesi müntəzəm olaraq təkmilləşdirilir.
Akademiyanın kitabxanası elmi-texniki, tədris-metodiki
və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir.
Kitabxananın fondu daim tələbata uyğun olan
tədris ədəbiyyatları ilə zənginləşdirilir.
Fakültələr |
İxtisaslar |
Kafedralar |
Hava nəqliyyatının uçuş istismarı
Hava nəqliyyatının texniki istismarı
İqtisadiyyat və hüquq
İxtisasartırma
Qiyabi fakültə |
Hava gəmilərinin uçuş istismarı (mühəndis-pilot)
Hava naviqasiyası (mühəndis-şturman)
Hava nəqliyyatında hərəkətin idarə
olunması (mühəndis-dispetçer)
Uçan aparatlar və onların mühərriklərinin
texniki istismarı (mühəndis-mexanik)
Aviasiya elektrosistemlərinin və pilotaj-naviqasiya
komplekslərinin texniki istismarı (mühəndis-elektrik)
Nəqliyyat radioqurğularının texniki istismarı
(radiomühəndis)
Avtomatlaşdırılmış uçuşlara
nəzarət sistemlərinin istismarı (mühəndis-sistemotexnik)
Avianəqliyyat istehsalatının təşkili
(mühəndis-avianəqliyyat istehsalatının
təşkilatçısı)
Beynəlxalq hüquq (hüquqşünas)
Gömrük işinin təşkili (inzibati menecer)
Menecment (mühəndis-iqtisadçı)
Beynəlxalq iqtisadi münasibətlər (iqtisadçı)
|
Uçuş fənləri
Hava naviqasiyası və havada hərəkətin
idarə edilməsi
Avtomatika və aviasiya cihazları
Aviasiya texnikasının konstruksiyası, istismarı
və riyazi modelləşdirilməsi
Fizika-riyaziyyat fənləri
Aviasiya xüsusi avadanlıqları
Aviasiya radiotexnikası və elektronikası
Humanitar fənlər
Mülki aviasiya iqtisadiyyatı
İngilis dili
Aviasiya psixofiziologiyası və bədən tərbiyəsi
Avianəqliyyat istehsalatı
Hərbi kafedra |
Akademiyada fəaliyyət göstərən tibb məntəqəsinin
yüksəkixtisaslı həkimləri və köməkçi
hey’əti əməkdaşlara və tələbələrə
lazımi səhiyyə xidməti göstərirlər.
Akademiyada futbol və basketbol meydançaları, müxtəlif
idman qurğuları vardır. Hazırda müasir
tələblərə uyğun olan idman kompleksi tikilir
və onun 1999/2000-ci tədris ilinin əvvəlinə
kimi istifadəyə verilməsi nəzərdə
tutulub.
Respublika Nazirlər Kabinetinin 14 oktyabr 1993-cü il
tarixli 542 saylı qərarı ilə MAA-da hərbi
kafedra açılmışdır. Kafedra xəttilə
hərbi təyyarəçilər, aviasiya mühəndisləri,
uçuşların yerüstü tə’minatı üzrə
mütəxəssislər hazırlanır. Azərbaycan
Milli Aviasiya Akademiyasının Dövlətlərarası
Aviasiya Komitəsinin sertifikatına layiq görülməsi
ona xüsusi əlavələr ilə təsdiq edilmiş
nümunəvi proqramlar üzrə mütəxəssislər
yetişdirməyə, onların peşə hazırlığının
səviyyəsini xeyli yüksəltməyə imkan
verəcəkdir.
Eyni zamanda Dövlətlərarası Aviasiya Komitəsinin
sertifikatı akademiyaya yeni hüquqlar da verir. Akademiya
M.İ.Lomonosov adına Moskva Dövlət Universiteti,
N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti,
Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, İstanbul
Texniki Universiteti, Donetsk Dövlət Texniki Universiteti,
Moskva Mülki Aviasiya Dövlət Texniki Universiteti,
Baltik Dövlət Texniki Universiteti, K. E. Siolkovski adına
Moskva Aviasiya-Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu,
Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutu,
Təbriz Universiteti və başqa ali məktəblərlə
sıx əlaqə saxlayır. Mə’zunların tə’yinatı
ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni
məşğul olur. Ehtiyacı olan tələbələrə
gündə 3 dəfə pulsuz yemək verilir. Tələbələr
müasir tələblərə cavab verən mənzil
tipli yataqxana ilə tə’min olunur.
|