AZƏRBAYCAN TEXNOLOGİYA İNSTİTUTU
Azərbaycan Texnologiya İnstitutu 1980-ci ildə respublikamızın
rəhbəri Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmışdır. Ç.İldırım
adına Azərbaycan Politexnik İnstitutunun Gəncə
filialı kimi fəaliyyət göstərdiyi 1970-1980-ci
illərdə institutda texnologiya, mexanika və inşaat
şö’bələri mövcud olmuşdur.
Müstəqil ali məktəbə çevrilərkən
institutda 3 fakültə (yeyinti istehsalı texnologiyası,
toxuculuq və yüngül sənayenin texnologiyası,
mexanika), 12 kafedra və 126 nəfər müəllim
fəaliyyət göstərirdi.
Ötən dövr ərzində institut xalq təsərrüfatı
və sənayenin müxtəlif sahələri üçün
minlərlə mütəxəssis hazırlamış
və dinamik inkişaf etmişdir. Hal-hazırda institutda
5 fakültə, 27 kafedra, 300 nəfərə yaxın
müəllim, o cümlədən 13 elmlər doktoru
və professor fəaliyyət göstərir.
İndi institutda 8 istiqamət və 25 ixtisaslaşma
üzrə 2500 nəfərə yaxın tələbə
təhsil alır.
Həmin ixtisas istiqamətləri aşağıdakılardır:
1. Qida məhsullarının texnologiyası
2. Çoxişlənən malların
texnologiyası
3. Texnoloji maşınlar və avadanlıqlar
4. Standartlaşdırma və sertifikasiya
5. Mühəndis iqtisadiyyatı və
idarəetmə
6. İnzibati idarəetmə
7. Sosial-mədəni servis xidməti
8. Əmtəəşünaslıq
İnstitutda magistratura və aspirantura şö’bələri
də fəaliyyət göstərir. Hazırda institut Rusiya, Belorusiya, Ukrayna, Gürcüstan,
Özbəkistan, Hindistan, Türkiyə və Almaniyanın
aparıcı universitetləri ilə elmi və tədris
əlaqələri saxlayır. İnstitutda əcnəbi
tələbələr də təhsil alır. Son
illərdə institutun maddi-texniki bazası daha da möhkəmləndirilmiş,
yeni tədris laboratoriyaları, zəngin kitabxana, müasir
tələblərə cavab verən idman zalı,
xüsusi şəraiti olan tələbə yataqxanaları
və yeməkxanaları tələbələrin
istifadəsinə verilmişdir. İnstitutda hərbi
kafedra da fəaliyyət göstərir və zabit
kadrları hazırlanır. Azərbaycan müstəqillik
əldə etdikdən sonra institutda ölkə iqtisadiyyatının
yüksəlməsinə bilavasitə xidmət edən
“İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı”,
“Gömrük ekspertizası”, “Turizm və sosial mədəni
servis xidməti”, “Standartlaşdırma və sertifikasiya”,
“Marketinq”, “İstehlak mallarının keyfiyyət
ekspertizası” kimi müasir ixtisaslar açılmışdır.
Əziz abituriyentlər! Əgər Siz Azərbaycan
Respublikasının beynəlxalq iqtisadi əlaqələrinin
genişləndiyi bazar iqtisadiyyatı şəraitində
zamanın tələblərinə uyğun olan ən
perspektivli istiqamətlər üzrə yüksəkixtisaslı
mütəxəssis olmaq istəyirsinizsə, Azərbaycan
Texnologiya İnstitutunun ixtisaslarını seçin.
|