AZƏRBAYCAN DÖVLƏT
BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN
AKADEMİYASI
Ümumi tərbiyənin tərkib hissəsi olan,
şəxsiyyətin hərtərəfli inkişafında
mühüm rol oynayan bədən tərbiyəsi
və idman orta, orta ixtisas və ali məktəblərdə,
əmək kollektivlərində mühüm yer tutur.
Azərbaycanda ilk kütləvi bədən tərbiyəsi
hərəkatı əsrimizin 20-30-cu illərində
meydana gəlmişdir. Lakin bu hərəkat o zaman
bir çox çətinliklərlə qarşılaşdı.
Bunlardan ən başlıcası kadr çatışmazlığı
idi. Kadrların hazırlanması məsələsi
kurs şəbəkələri vasitəsilə tə"limatçılar,
məşqçilər və müəllimlər
hazırlamaq, bacarıqlı gəncləri Moskva və
Leninqrad bədən tərbiyəsi institutlarına
göndərmək yolu ilə həyata keçirilsə
də, bu, bədən tərbiyəsi və idman mütəxəssislərinə
olan ciddi ehtiyacı ödəmirdi.
Zaman təkcə Azərbaycan üçün deyil,
həm də bütün Zaqafqaziya respublikaları
üçün kadr hazırlığının təkmilləşdirilməsini
tələb edirdi. Məhz buna görə də ixtisaslı
kadrlar hazırlamaq zərurəti ilə əlaqədar
olaraq 1930-cu ildə Zaqafqaziyanın sənaye mərkəzi
Bakıda Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi
İnstitutu yaradıldı. Bu, Zaqafqaziyada ali bədən
tərbiyəsi təhsilli kadrlar hazırlayan ilk tədris
müəssisəsi idi. 1936-cı ildə institutun
həyatında yeni mərhələ başlandı.
Gürcüstan Bədən Tərbiyəsi İnstitutunun
yaranması ilə əlaqədar olaraq Zaqafqaziya Dövlət
Bədən Tərbiyəsi İnstitutu yenidən
təşkil olundu və onun bazası əsasında
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutu yaradıldı. 1972-ci ildə institut yeni
binaya köçəndən sonra inkişaf üçün
yeni impuls aldı. Əyani və qiyabi şö’bələrə
tələbə qəbulu artdı. Hazırda hər
il əyani şö’bəyə 525, qiyabi şö’bəyə
isə 100 tələbə qəbul olunur. Kafedraların
da sayı 19-a çatmışdır. 2000-ci ildə
institutun yaradılmasının 70 illik yubileyi tamam
olacaqdır.
Bu 70 il ərzində ali məktəb 16000 nəfərdən
artıq mütəxəssis hazırlamışdır.
İnstitutun mə’zunları arasında dünya çempionu
X.İsayev, iki dəfə olimpiya çempionu İ.Rıskal,
üç dəfə dünya çempionu M.Allahverdiyev,
olimpiya çempionu R.Şabanova, əməkdar idman
ustası futbolçu Ə.Məmmədov, beynəlxalq
dərəcəli idman ustası, dünya kubokunun
qalibi T.Paşayev, Avropa çempionları R.Hacıyev,
Ə.Əliyev və bir çox tanınmış
idmançılar, məşqçilər də vardır.
Onların hazırlanmasında əməkdar idman ustaları
A.Ağalarov, R.Baxşəliyev, İ.Dadaşov, professor
T.Abasov, əməkdar məşqçilər A.İsgəndərov,
Ş.Şamxalov, əməkdar bədən tərbiyəsi
və idman xadimləri Ə.Babayev, Z.Rzayeva, M.Vahabov,
M.Saadatxan, beynəlxalq dərəcəli hakimlər
T.Bəhramov, C.Qurbanov və ilk azərbaycanlı qadın
idman ustası M.Məmmədova və başqalarının
böyük xidmətləri vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart
1999-cu il tarixli 42 saylı qərarı ilə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutunun
adı dəyişdirilərək Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyası
olmuşdur. Bununla bağlı olaraq akademiyada doktorantura
və aspiranturanın, ixtisaslaşdırılmış
elmi şuranın, hərbi kafedranın açılması
planlaşdırılmışdır.
Akademiyanın əsas tədris, tə'lim - tərbiyə
strukturları olan kafedralarını 4 bölmədə
qruplaşdırmaq olar:
1. idman-pedaqoji kafedraları;
2. nəzəri və pedaqoji fənlər kafedraları;
3. tibbi-bioloji kafedraları;
4. ictimai fənlər kafedraları.
Birinci bölməyə "Voleybol və stolüstü
tennis" (kafedra müdiri prof. O.Ağayev), "Gimnastika və
akrobatika" (prof. B.Nərimanov), "Güləş" (prof.
X.Qurbanov), "Boks və ağır atletika" (prof. Ş.Hüseynov),
"Futbol" (dos. R.Bağırov), "Yüngül atletika"
(dos. F. Hüseynov), "Basketbol və həndbol" (dos.
H.Ələkbərov), "Tətbiqi idman növləri"
(dos. Y.Eminbəyli) kafedraları daxildir; ikinci bölməyə
"Bədən tərbiyəsi nəzəriyyəsi
və metodikası", "Bədən tərbiyəsi tarixi
və idarə olunması", "Pedaqogika və psixologiya",
"Ali riyaziyyat və kompüter texnikası", "Dillər"
kafedraları; üçüncü bölməyə
"Ümumi və idman fiziologiyası", "İdman təbabəti
və gigiyenası" və "Anatomiya" kafedraları, və
nəhayət, dördüncü bölməyə
"Ümumhumanitar elmlər", "Sosial-siyasi elmlər" kafedraları
aiddir. Bu kafedralarda 200-dən artıq müəllim
çalışır.
Onların tərkibində 10 elmlər doktoru, professor,
70-dən artıq elmlər namizədi, dosent vardır.
İdman-pedaqoji kafedralarında çoxlu yüksək
dərəcəli idman mütəxəssisləri
çalışır. Bunlar idman ustaları - voleybolçu
O.Ağayev və E.Qədəşov; akrobatlar - fəxri
idman ustaları B.Nərimanov, E.Nərimanov; fəxri
idman ustaları - gimnast T.Mehdiyev, Ç.Zərgərov,
N.Abdinova; güləşçilər- X.Qurbanov, C.Yaqubov,
F.Tağıyev, N.Məcidov; boksçular- T.Babanlı,
O.Hüseynov; ağır atletlər - Ş.Hüseynov,
Q.Cəbrayılov; atıcı - Y.Eminbəyli; şahmatçılar
- B.Rüstəmov, Y.Quliyev; futbolçular - R.Bağırov,
Y.Babayev; üzgüçü - R.Babayev; tennisçi-S.Sultanova;
həndbolçü - V.Sadıxova; qılıncoynadan
A.Novikov və başqalarıdır.
Akademiyanın bir stadionu, bir üzgüçülük
hovuzu, bir gimnastika zalı, bir güləşmə
zalı, əl oyunları zalı, yay futbol, voleybol,
həndbol meydançaları, atıcılıq tiri,
şahmat zalı, iki elmi laboratoriyası, bir kitabxanası,
iki linqafon kabinəsi, iki kompüter sinfi və metodika
kabinələri vardır. Azərb.DBTİA müstəqil
respublikamız üçün yüksəkixtisaslı
bədən tərbiyəsi müəllimləri,
idmançılar məşqçilər yetişdirmək
və ölkəmizin idman sahəsində şərəfini
yüksəltmək üçün özünün
maddi-texniki bazasının möhkəmləndirilməsinə,
elmi - pedaqoji kadr potensialının yuksəlməsinə
xüsusi diqqət yetirir. |