Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu

Azərbaycan SSR Nazirlər Sovetinin 2 dekabr 1986-cı il tarixli 413 saylı qərarı ilə yaradılmışdır. O vaxtlar institut xalq təsərrüfatının müxtəlif sahələrində çalışan rəhbər kadrlar və mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədinə xidmət edirdi. 1991-ci ildə respublikamız öz müstəqilliyini e'lan etdikdən sonra mərkəzi planlaşma sistemi dağılmağa və sərbəst bazar iqtisadiyyatına keçilməyə başlandı. Belə bir şəraitdə institut ixtisasartırma ilə yanaşı, kadr hazırlığı məsələləri ilə də məşğul olmağa başladı. Sərbəst bazar iqtisadiyyatı şəraitində işləyəcək yüksəkixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti özünün 1 aprel 1991-ci il tarixli 38r saylı sərəncamı ilə respublikada ilk dəfə olaraq bu institutda Harvard Universiteti modeli əsasında birillik Ali Menecerlər Məktəbi yaradılmasına qərar verdi.

Bu məktəbə xalq təsərrüfatının müxtəlif sahələrində və dövlət idarəetmə orqanlarında çalışan alitəhsilli mütəxəssislər qəbul olunurdular. Beləliklə, bir il təhsil alıb, sonra ay yarım müddətində Türkiyənin ən müxtəlif təşkilat və müəssisələrində təcrübə keçən 350-dən çox mütəxəssis ikinci ixtisas - ən müasir peşə olan menecer peşəsinə yiyələndilər. Onlar indi respublikanın müxtəlif dövlət idarəetmə qurumları və özəl təşkilatlarında çalışırlar.

Sərbəst bazar iqtisadiyyatı şəraitində ölkəmizin daha yüksəkixtisaslı mütəxəssislərə ehtiyacı olduğundan Respublika Nazirlər Kabinetinin 4 may 1992-ci il tarixli 240 saylı qərarı ilə institutda menecerlər hazırlığı fakültəsi yaradıldı. Bu fakültədə tədris Türk Dünyası Araşdırmaları Vakfı ilə İstanbul Universitetinin modeli əsasında aparılır, onların tədris planları və proqramları əsasında qurulur. Dərslər də əsasən Türkiyədən gələn professor - müəllim hey’əti tərəfindən aparılır. İndiyədək fakültənin üç buraxılışı olmuşdur. Fakültənin mə'zunlarına “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alitəhsilli (bakalavr pilləsi) "Menecer" diplomu verilir. Bu diplomlar Türkiyənin Yüksək Öyrətim Qurumunun 15 oktyabr 1996-cı il tarixli 37 saylı qərarı ilə Türkiyə Respublikasında da tanınır. İnstitutda yüksəkixtisaslı professor-müəllim hey’əti çalışır. Onlardan bir çoxu Türkiyədən gələn mütəxəssislər, qalanları isə yerli kadrlardır.

İnstituta hər il əyani şö'bə üzrə 100, qiyabi şö'bə üzrə 25 nəfər tələbə qəbul edilir. Ən müasir texnika ilə təchiz olunmuş kompüter mərkəzi, türk, rus, ingilis və Azərbaycan dillərində ədəbiyyatlarla zəngin olan kitabxana, tibbi xidmət mərkəzi, yeməkxana və s. tələbələrin istifadəsindədir. İnstitut xarici ölkələrin ən nüfuzlu ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Türkiyə, Fransa, Almaniya, İngiltərə, Hollandiya, İrlandiya, ABŞ və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq sahəsində böyük təcrübə toplanmışdır. İnstitutda Avropa dilləri mərkəzi fəaliyyət göstərir. Mərkəzdə dərsləri Fransanın Nitsa Universitetinin professor-müəllim hey'əti aparır. Mərkəzdə dinləyicilərə ingilis, fransız və italyan dilləri öyrədilir.

İnstitutda Ali Dövlət İdarəçiliyi Məktəbi fəaliyyət göstərir. Məktəbdə ən müxtəlif firma, şirkət, konsern, dövlət idarələrində çalışan mütəxəssislər təhsil alır və ikinci ixtisasa yiyələnirlər. İnstitutu bitirən mə`zunlara tə`yinat verilmir. Lakin tələbələrin təhsil müddətində institutda aldıqları bilik, yiyələndikləri bacarıq, qabiliyyət və peşə vərdişləri, türk iş adamları, o cümlədən xarici firmalarla müntəzəm əlaqələr tələbələrə artıq III, IV kursdan işə düzəlməyə imkanlar yaradır. Yerli və xarici şirkətlər institutun mə'zunlarını bacarıqlı, yüksək ixtisasla və geniş profilə malik mütəxəssislər olduqlarına görə məmnuniyyətlə işə qəbul edirlər. Mə’zunlarımızın kompüter texnikasını və ingilis dilini yaxşı bilmələri onların xüsusilə tez və sərfəli surətdə işə düzəlmələrinə kömək edir.

Menecer hazırlığı fakültəsində tədris Azərbaycan və türk dillərindədir. Xüsusən I kursun ilk iki ayı ərzində tələbələrə hər gün 6 saat intensiv surətdə türk dili öyrədilir. Sonra bu proses I kursun sonunadək davam edir. Ona görə də orta məktəbin rus bölməsini bitirib təhsilini burada davam etdirənlər çətinlik çəkmirlər. Ali məktəb tə’sis olunandan burada müxtəlif millətlərin nümayəndələri təhsil alırlar.

Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda tələbələrin mükəmməl təhsil almaları, vaxtlarını maraqlı keçirmələri üçün hər cür şərait vardır.


Ünvan:
Bakı şəh. Azadlıq prospekti, 66
Telefonlar
40-50-96
40-02-97
40-39-14
Ali məktəb ABŞ-ın səfirliyi ilə üzbəüz binada yerləşir.
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası