AZƏRBAYCAN İNŞAAT
MÜHƏNDİSLƏRİ UNİVERSİTETİ
Azərbaycan İnşaat Mühəndisləri Universiteti
(AzİMU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun
tərkibində inşaat fakültəsi, 1930-1934-cü
illərdə müstəqil İnşaat və Me’marlıq
İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye
İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik
İnstitutunun tərkibində inşaat-me’marlıq
yönümlü ixtisasları birləşdirən
bir neçə fakültə kimi fəaliyyət göstərmişdir.
1975-ci ildə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutu yaradılmışdır.
1992-ci ildə institut universitet statusu almışdır.
AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və
hələlik yeganə ali təhsil müəssisəsidir.
Universitet indiyə qədər 25 mindən çox
yüksəkixtisaslı me’mar və inşaatçı-mühəndis
hazırlamışdır.
Fakültələr |
- Tikintinin iqtisadiyyatı və idarə edilməsi
- Bələdiyyə tikintisi və təsərrüfatının
iqtisadiyyatı və idarə edilməsi
- Menecment (inşaatda)
- Marketinq (inşaatda)
- Me’marlıq
- Me’marlıq mühitinin dizaynı
- Me’marlıq abidələrinin bərpası
və yenidən qurulması
- Bağ, park və landşaft quruculuğu
- Sənaye və mülki tikinti
- Hidrotexniki tikinti
- Bələdiyyə tikintisi və təsərrufatı
- Meliorasiya mühəndis sistemlərinin tikintisi
- İstilik qaz təchizatı və ventilyasiya
- Su təchizatı və suayırma
- Dəmir yol tikintisi və təsərrüfatı
- Avtomobil yolları və aerodromların tikintisi
- Körpülər və nəqliyyat tunelləri
- Tikinti materialları, mə’mulatları və
konstruksiyalarının istehsal texnologiyası
- Ağac e’malının texnologiyası
- Çətinəriyən qeyri-metal və silikat
materiallarının texnologiyası
- Tətbiqi geodeziya
- Tikinti və tikinti materialları sənaye
müəssisələrinin elektrik təchizatı.
- İnşaatda texnoloji proseslərin və
istehsalın avtomatlaşdırılması.
- İnşaat, yol maşın və avadanlıqları
- Tikinti materialları və mə'mulatları
sənayesi müəssisələrinin maşın
və avadanlığı
- Tikinti və tikinti materialları sənayesi
müəssisələrinin texnoloji, nəqliyyat
maşın
və avadanlağının texniki istismarı
və servis xidməti
- Materiallar fizikası (inşaatda)
- Materialşünaslıq və yeni materiallar texnologiyası (inşaatda)
- Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda)
- Hidrotexniki və meliorasiya mühəndis sistemləri tikinti işlərinin mexanikləşdirilməsi
- Həyat fəaliyyətinin təhlükəsizliyi (inşaatda)
- Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi
|
Mühəndis kadrlarının hazırlanması ilə
700 nəfərdən ibarət professor-müəllim hey’əti
məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər
dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi,
dosent və baş müəllimdir. Onlarla yanaşı respublika
tikinti kompleksinin aparıcı mütəxəssisləri də
tədris prosesinə cəlb edilmişdir.
Universitetdə 42 kafedra fəaliyyət göstərir.
Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və
ixtisas kafedralarına bölünür.
Universitetin maddi-texniki bazası ildən ilə möhkəmlənir.
Hazırda ali məktəbin ümumi sahəsi 49000
kv.m olan 5 tədris korpusu vardır. Auditoriya fondunun
genişlənməsilə bağlı bir çox
kafedralar müasir avadanlıqlarla, kompüterlərlə
təchiz olunmuş, tədris və elmi tədqiqat
laboratoriyaları yaradılmışdır. AzİMU-nun
Musabəyov qəsəbəsində yerləşən
tələbə şəhərciyində 5 yataqxana
korpusu, o cümlədən xarici tələbələr
üçün ayrıca doqquz mərtəbəli
2 yataqxana korpusu vardır.
Tələbələr burada dərslərə hazırlaşmaqla
bərabər öz asudə vaxtlarını da xoş
keçirə bilirlər. Bunun üçün onlar
burada “OCAQ” tələbə klubu, şahmat klubu, idman
meydançaları, “Çənki” kinokonsert salonu və
tələbə kafesindən istifadə edə bilirlər.
Tələbə şəhərciyində sanatoriya-profilaktoriya
fəaliyyət göstərir. Universitetin nəzdində
tələbə poliklinikası, əsaslı kitabxana,
tədris korpuslarında şö’bələri və
oxucu salonları, aspirantura şö’bəsi, elmi tədqiqat
bölməsi, istehsalat təcrübə şö’bəsi
vardır. Öz səhifələrində Universitet
həyatını işıqlandıran “İnşaatçı
kadrlar” adlı çoxtirajlı qəzet buraxılır.
Universitetin xarici əlaqələri aşağıdakı
strukturlar vasitəsilə həyata keçirilir.
1. Xarici tələbələrlə iş üzrə
dekanlıq
2. Xarici tələbələr üçün hazırlıq
fakültəsi
3. Xarici əlaqələr şö’bəsi
Xarici tələbələrlə iş üzrə
dekanlıq 1977-ci ildən fəaliyyət göstərir
və xarici ölkələr üçün mütəxəssislər
hazırlayır. Ötən müddət ərzində
dünyanın 40-dan artıq ölkəsindən 1000-ə
yaxın tələbə universiteti bitirmiş, 50-yə
yaxın xarici ölkə vətəndaşı alimlik
dərəcəsi almışdır. Hazırda AzİMU-da
dünyanın 15 ölkəsindən 400-yə yaxın
tələbə və aspirant təhsil alır.
AzİMU-da təhsil alan xarici vətəndaşlar
universitetin yataqxanasında yerləşdirilir, müqavilə
bağlanır, qeydiyyat və viza məsələləri
həll edilir. Xarici tələbələrlə iş
üzrə dekanlıq xarici ölkə universitetlərinin
inşaat bölümləri və digər təşkilatlarla
əlaqə saxlayır. Xarici vətəndaşların
hazırlığı ilə 65 nəfər müəllim
məşğul olur. Onlardan 2 nəfəri elmlər
doktoru, professor, 15 nəfəri elmlər namizədi,
dosentdir. Təhsil 2 yolla aparılır: müqavilə
və dövlət xəttilə.
Universitetin bir çox təcrübəli, qabaqcıl
müəllimləri tez-tez xarici ölkələrə
dərs deməyə göndərilir. Müəllimlərimizin
elmi-pedaqoji sahədəki fəalyyəti xarici ölkələrdə
(Əlcəzair, Tunis, Mali, Seneqal, Qvineya, İran, Yaponiya,
Yəmən, İngiltərə, Əfqanıstan,
Kamboca, Hindistan, Efiopiya, Turkiyə və s.) yüksək
qiymətləndirilir. Müəllimlərimiz beynəlxalq
simpoziumlarda, elmi konfranslarda fəal iştirak edirlər.
Təhsildə xüsusilə fərqlənən tələbələrimiz
təhsillərini Amerika, İngiltərə və
Fransada davam etdirirlər. Mə’zunlar üçün
tə’yinat imkanları digər ali məktəblərdə
olduğu kimidir.
AzİMU çoxpilləli təhsil sisteminə keçmişdir:
bakalavr pilləsi-4 il, magistr pilləsi-2
ildir.
Universitetdə təhsil əyani və qiyabi formalarda,
ödənişli və ödənişsiz əsaslarla
həyata keçirilir. Tələbələrimiz ali
məktəblər arasında keçirilən idman
yarışlarında, müsabiqələrdə fəal
iştirak edirlər. Bir çox idmançılarımız
dünya çempionu, beynəlxalq idman ustası adlarını
qazanmışlar. Universitetdə “Sevinc” ansamblı
fəaliyyət göstərir.
Kollektiv bir çox festivallarda öncül yerlər
tutub. Universitetdə kompüter kursları, xarici dillərə
yiyələnmə kursları, litsey fəaliyyət
göstərir. Universitetin “Me’marlıq” fakültəsinin
mə’zunlarının diplom işləri bir çox
sərgilərdə nümayiş etdirilir. |